Bakıda Avropa Vahid Təhsil Məkanı Konsepsiyasının həyata keçirilməsi üzrə təhsil nazirlərinin 4-cü iclası keçirilib. Təhsil Nazirliyindən Lent.az-a verilən məlumata görə, tədbirdə Azərbaycan, Belarus, Gürcüstan, Moldova, Qazaxıstan, Rusiya və Ukraynanın Təhsil Nazirliklərinin, həmçinin Avropa Şurası və Avropa İttifaqının yüksək səviyyəli nümayəndələri iştirak edib.
Təhsil naziri Mikayıl Cabbarov iclasın açılış mərasimində çıxış edərək iştirakçılara “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası” çərçivəsində ölkəmizdə aparılmış təhsil islahatları və 2005-ci ildə Boloniya prosesinə qoşulduqdan sonra Avropa Vahid Təhsil Məkanı Konsepsiyasının Azərbaycanda həyata keçirilməsi prosesi barədə məlumat verib. Nazir bildirib ki, bu prosesin gedişində ölkənin təhsil sistemi ənənəvi inzibati amirliyə əsaslanan idarəetmədən imtina edib, açıq və demokratik olub, eyni zamanda əmək bazarının tələblərinə istiqamətlənib, əldə olunan bilikləri reallıqda tətbiq etmək imkanlarına yiyələnib.
“İqtisadi inkişafı saxlamaq və daha da möhkəmləndirmək isə təhsil sisteminin keyfiyyətindən və onun formalaşdırdığı insan kapitalından asılıdır. Təsadüfi deyil ki, ölkə prezidenti ikinci dəfə seçiləndən sonra imzaladığı ilk sənədlərdən biri “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası” olub. Bu sənəddə milli ali təhsil sisteminin Avropa təhsil mühitinə inteqrasiyasına və ali təhsil müəssisələrində struktur islahatlarının dərinləşdirilməsinə xüsusi əhəmiyyət verilir.
M. Cabbarov tədbir iştirakçılarını Azərbaycanın təhsil sistemində baş verən dəyişikliklərlə tanış edib. Nazir bildirib ki, son 4 ildə ali məktəblərin birinci kurs tələbələrinin sayı orta hesabla 30 faiz artıb, adambaşına maliyyələşmə mexanizminə keçid başa çatdırılıb, ali təhsilin akkreditasiyası və onun keyfiyyətinə nəzarət orqanının yaradılmasına başlanıb. Ölkənin ali məktəblərində artıq Avropa Kredit Transferi Sistemi prinsipləri tətbiq olunur. Bu il ərzində isə milli tələbə kreditləri və qrantları sistemi işə salınacaq. Xaricdə təhsil üzrə imkanların artırıldığını deyən nazir bu sahədə həyata keçirilən dövlət proqramının davamlı olacağını vurğulayıb.
Bununla yanaşı, sistemin transformasiyası universitet idarəediciləri qarşısında yeni tələblər qoyur. Qərarların qəbulunda şəffaflıq prinsiplərinin sürətli tətbiqi, universitetlərin fəaliyyətinə bütün maraqlı tərəflərin cəlbi, hesabatlılıq mədəniyyətinin və korporativ idarəetmənin formalaşdırılması inkişaf imkanlarını təmin edən vacib elementlərdəndir.
Təhsil sahəsində birgə əməkdaşlıq imkanlarından danışan Mikayıl Cabbarov regiondakı ali təhsil müəssisələrinin inteqrasiyasına mane olan xarici amilləri də açıqlayıb. Nazir qeyd edib ki, Ermənistan tərəfdən Azərbaycan ərazilərinin bir hissəsinin işğal edilməsi praktiki olaraq universitetlər arasında təhsillə bağlı birgə layihələrin həyata keçirilməsini mümkünsüz edib.
M. Cabbarov bu görüşün region ölkələrində təhsilin sonrakı inkişafı ilə bağlı aktual məsələlərin müzakirəsinə yaxşı imkanlar yaradacağına və Bolonya prosesinin inkişafına müsbət təsiri göstərəcəyinə əminliyini vurğulayıb.
Sonda nazir ali təhsil sahəsində bir sıra layihələrin və islahatların həyata keçirilməsində göstərdikləri köməyə görə Dünya Bankına, Avropa İttifaqına və digər ikitərəfli tərəfdaşlara təşəkkürünü bildirib.
Hiç yorum yok:
Yorum Gönder