7.11.2014

9 noyabr – “Milli bayraq günü”dür

Azərbaycan Respublikasının dövlət bayrağı ölçülərinə görə bərabər 3 horizontal zolaqdan ibarətdir. Üstdəki zolaq mavi, ortadakı zolaq qırmızı, altdakı zolaq isə yaşıl rəngdədir. Mavi rəng Azərbaycan xalqının türkmənşəli olması, qırmızı rəng cəmiyyətin müasirləşməsi, yaşıl rəng isə İslam sivilizasiyasına məsubiyyət mənasını verir. Qırmızı rəngin ortasında, bayrağın hər iki tərəfində olmaqla, ağ rəngli aypara və səkkiz guşəli ulduz təsvir edilmişdir. Qeyd edək ki, bu bayraq 1918-ci il 9 noyabr tarixində, Azərbaycan Demokratik Respublikasının (1918-1920) dövründə yaradılmış və Sovet Sosialist Resublikaları İttifaqının (SSRİ) dağılmasından sonra, 1991-ci ildə müstəqil Azərbaycan Respublikasının rəsmi atributu elan edilmişdir. Azərbaycan Respublikasının 1995-ci il 12 noyabrda qəbul edilmiş konstitusiyasına görə, Azərbaycanın dövlət bayrağı, gerbi və himni milli atributlar hesab edilir. Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin 18 noyabr 2009-cu il tarixli fərmanından sonra, 9 noyabr tarixi “Milli bayraq günü” kimi dövlət səviyyəsində qeyd olunur və bu gün iş günü sayılmır.



3.11.2014

31.10.2014

Bu maraqlıdır!

 Heyvanlara adlar necə verilib?

İngilis dilində heyvan adları eyni cür yaranmayıb. Onlardan bəziləri artıq başqa dillərdə mövcud idi. Digərləri isə heyvanı xarakterizə edən söz birləşmələrindən düzəldilib. Sizi bəzi heyvan adlarının necə yaranması ilə tanış etmək istəyirik.
 
Hipopotam adı “hipos” (at) və “potamos” (çay) sözlərindən yaranıb yunan dilindən tərcümədə çay ayğırı mənasını verir. Kərgədan isə “Rinos” (burun), “keras” (buynuz) sözlərindən əmələ gələrək “rhinoceros” kimi ifadə olunub. Doğrudan da kərgədanın buynuzu burnunda yerləşir. Leopard adı isə latın dilində xallı şir mənasını verən “leopardus” sözündən götürülüb. Şirin adı isə öz növbəsində latın sözü olan “leon” kəlməsindən əmələ gəlib. Dəvə ərəb dilində “qamel” sözündən götürülüb və latın dilinə “kamelos” kimi keçib.
 
Canavar (“wolf”) sözü latıncada “vulpes” kimi işlədilir və təəccüblü olsa da, tülkü mənasını verir. Tülkü (“fox”) isə island dilində “faks” – tüklü boyun deməkdir.
 
Öküz (“bull”) “belkan” – böyürmək, maral (“deer”) “deor” – vəhşi heyvan mənalarını verir və hər ikisi qədim ingilis dilindən götürülüb.
 
Oxlu kirpi («porcupine») iki latın sözünün: - “porkus” – donuz və “spina” – tikan sözlərinin birləşməsindən yaranıb.
 
Pişiyin («puss») müasir adının kökü isə Misirdən gəlir. Gecə ov etdiyinə görə misirlilər pişiyi Ay mənasını verən “paşt” adlandırırdılar. Daha sonra bu ad “pas” kəlməsinə qədər qısaldılıb və müasir formasını alıb. Bizim də yaxşı tanıdığımız it cinsi olan “pudel” almanca nohur deməkdir. Bu ad ona suda yaxşı ov etdiyinə görə verilib. İt (dog) sözünə gəldikdə isə, o, island dilindəki “doqqr” sözünün qısaldılmış formasıdır.
 
Biz yalnız bəzi heyvanların adları ilə tanış olduq və gördük ki, heyvan adları müxtəlif üsullarla yaranıb.

29.10.2014

2013-2014-cü dərs ilinin nəticələrinə görə “Ən yaxşı ümumtəhsil məktəbi” və “Ən yaxşı müəllim” müsabiqələrinin keçirilməsi haqqında Azərbaycan Respublikası təhsil nazirinin əmri

Azərbaycan Respublikası Prezidentinin “Ən yaxşı ümumtəhsil məktəbi və ən yaxşı müəllim mükafatlarının təsis edilməsi haqqında” 4 sentyabr 2007-ci il tarixli 2373 nömrəli Sərəncamını rəhbər tutaraq, 2013-2014-cü dərs ilinin nəticələrinə görə “Ən yaxşı ümumtəhsil məktəbi” və “Ən yaxşı müəllim” müsabiqələrinin keçirilməsi məqsədilə
 
 
ƏMR EDİRƏM:
 
Azərbaycan Respublikası Prezidentinin “Ən yaxşı ümumtəhsil məktəbi müsabiqəsinin keçirilməsi Qaydaları və ümumtəhsil məktəblərinə verilmiş mükafatın istifadə istiqamətləri”nin və “Ən yaxşı müəllim müsabiqəsinin keçirilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında” 2008-ci il 25 fevral tarixli 714 nömrəli Fərmanına uyğun olaraq, “Ən yaxşı ümumtəhsil məktəbi” və “Ən yaxşı müəllim” müsabiqələri keçirilsin.
2013-2014-cü dərs ilinin nəticələrinə görə “Ən yaxşı ümumtəhsil məktəbi” və “Ən yaxşı müəllim” müsabiqələrinin keçirilməsi və bu prosesin tənzimlənməsi ilə əlaqədar kollegial qərarların qəbul olunmasını təmin etmək məqsədilə aşağıdakı tərkibdə Təşkilat Komitəsi yaradılsın:
 
Təşkilat Komitəsinin sədri:
 
Firudin Qurbanov- Azərbaycan Respublikası təhsil nazirinin müavini
 
 
Təşkilat Komitəsinin üzvləri:
 
Mətin Eynullayev  - Təhsil Nazirliyi aparatının rəhbəri
Hüseyn Əliyev  - Təhsil nazirinin müşaviri                               
Samir Vəliyev  - Təhsil nazirinin müşaviri                               
Ağababa İbrahimov - Təhsil nazirinin müşaviri
Aydın Əhmədov- Məktəbəqədər və ümumi təhsil şöbəsinin müdiri
Fərzəli Qədirov - İnsan resursları şöbəsinin müdiri
Faiq Şahbazlı - Tədris resursları şöbəsinin müdiri
Sübhi Kazımov  - Hüquqi ekspertiza və lisenziyalaşdırma şöbəsinin müdiri                                 
Rüfət Əliyev  - Pilot layihələrlə iş sektorunun müdiri
Emin Əmrullayev - Təhsilin keyfiyyətinin qiymətləndirilməsi sektorunun müdiri
Ənvər Abbasov - Təhsil Problemləri İnstitutunun direktor müavini
 
Müsabiqələrdə iştirakla bağlı Təşkilat Komitəsinə daxil olan müvafiq sənədlərin müəyyən edilmiş qaydada ekspertizasını aparan işçi qrupunun tərkibi təsdiq olunsun (əlavə edilir).
Müsabiqələrin təşkili və keçirilməsi üzrə ümumiləşdirilmiş məlumatların, təqdimat və arayışların hazırlanması, habelə nəzərdə tutulan tədbirlərin icrası sahəsində əlaqələndiricilik funksiyasının yerinə yetirilməsi Təşkilat Komitəsinin üzvü, Məktəbəqədər və ümumi təhsil şöbəsinin müdiri Aydın Əhmədova həvalə edilsin.
İnformasiya şöbəsi (Elnur Əliyev) əmrin əlavəsi ilə birgə “Azərbaycan müəllimi” qəzetində dərc olunmasını təmin etsin.
Əmrin icrasına nəzarəti öz üzərimdə saxlayıram. 
 
Mikayıl CABBAROV, 
Azərbaycan Respublikasının təhsil naziri 
27 oktyabr 2014-cü il
№1090